Növbədə 400 metr məsafəyə əlil arabası yarışı var idi. Start verilən kimi 8 idmançı böyük bir əzmlə irəli atıldı. Tribunadakılar etiraf etməsələr də, əlillərin bu mübarizəsinə ürək ağrısı ilə baxırdılar. Bəlkə də, elə bu ürək ağrısını azaltmaq üçün onları belə ürəkdən alqışlayırdılar.
İki yüz metr başa çatanda idmançılar iki qrupa bölünmüşdülər. Tamaşaçılar isə, sadəcə olaraq, alqışlayır, adi yarışlarda olduğu kimi idmançıları həvəsləndirmirdilər. Onsuz da, idmançılar kifayət qədər çətin yarışırdılar.
İkinci yüz metr başa çatanda idmançılardan üçü irəli çıxmışdılar. Görünür, “son yarışın sonuna yüz metr qalmış üçüncü idmançı da “oyundan çıxdı”. İndi yarış zolağında ancaq iki idmançı qalmışdı. Hər iki idmançı sanki bir-birinə nəzarət edir, yan-yana, hətta təkər-təkərə irəliləyirdilər. İdmançılardan biri arıq və çəlimsiz, o biri isə kök və cüssəli idi...
Finiş xəttinə son metrlər qalmış arıq idmançı tək qaldığını hiss etdi. Rəqibinin ondan nə qədər geridə olduğunu görmək üçün çevrilib arxaya baxanda yerində donub qaldı. Kök idmançı yarış zolağından kənara çıxmış, hələ bu azmış kimi, arabası da aşmışdı. Hamı arıq idmançının finiş xəttini keçib yarışa “nöqtə qoyacağını” gözləyirdi. Ancaq idman tarixində görünməmiş bir hadisə baş verdi. Çempionluğuna bir neçə metr qalan arıq idmançı arabasını saxlayıb geri qayıtdı və rəqibini ayağa qaldırıb arxadan itələməyə başladı. Hara qədər? Əlbəttə ki, finiş xəttini keçənə qədər...
Çempionluqdan əlini üzmüş bir rəqib qarşıda, çempionluğuna bir neçə metr qalmış bir rəqib arxada göz yaşları ilə finiş xəttini keçdilər. Tribunadakı tamaşaçılar hamı bir nəfər kimi ayağa qalxıb bəşər tarixinin, bəlkə də, ilk “məğlub olan çempionunu” alqışlayırdılar...