Bir kənddə Əhməd adında oğlan var idi. Əhmədin atası koldan-kosdan qırıb satmaqla bir təhər ailəni dolandırardı.
Aylar dolanır, illər keçir, Əhməd on səkkiz yaşına çatır, hazırlıq görüb uzaq bir şəhərə oxumağa gedir.
Əhməd getdiyi şəhərdə həm işləyir, həm də oxuyur. Qazandığı pulun yarısını evlərinə göndərir. Bir neçə il oxuduqdan sonra qayıdıb evlərinə gəlir. Əhməd yolda bir kişiyə rast olur, onunla söhbət eləyə-eləyə bir xeyli gəlib, böyük bir kəndə çatır.