Biz adi danışıqda hər hansı bir məlumatı çatdırmaq üçün sözdən istifadə edirik. Bu, sözün informativ funksiyası hesab edilir. Sözün bədii üslubdakı əsas işi onun poetik funksiyasıdır. Poetik funksiya daşıyan sözə poetizm, yəni bədii söz deyilir.
Bədii əsərlərdə məcazi mənada işlənən sözlər bədii söz hesab edilir.
Bədii dil obrazlı dildir. Obrazlılıq bədii əsərlərdə ifadəlilik, canlılıq yaradır. Bədii əsərlərdə fikrin daha qüvvətli verilməsi üçün təzadlardan, bədii xitablardan, bədii suallardan və s.-dən geniş istifadə edilir. Bunlar üslubi hadisələrdir.
Sənətkar obrazların xarakteri, anlayışlar, münasibətlər, hadisələr arasındakı ziddiyyətləri göstərmək üçün təzadlardan istifadə edir.
Bilirsiniz ki, bədii (ritorik) sual cümlələri quruluşca sual şəklində olsalar da, məzmunca sual ifadə etməyən cümlələrdir və bu baxımdan onlar həqiqi sual cümlələrindən fərqlənir. Sual cümlələrinin bu növündə cavab tələb olunmur.