Harvard Universitetinə qəbul qaydaları çox ciddidir, sənədlərini təqdim edənlərin, təxminən, 20 faizi bu ali təhsil müəssisəsinin tələbəsi adını qazanır. Qəbul imtahanları test və müsahibə mərhələləri üzrə aparılır. Harvard Universitetinə daxil olmaq üçün ərizələrin qəbulu hər il yanvarın 1-də başa çatır. Universitetə daxil olmaq üçün ilkin ödəniş 75 ABŞ dolları təşkil edir.
Universitetdə təhsilini davam etdirmək istəyənlər üçün Harvard İxtisasartırma və yay məktəbləri fəaliyyət göstərir. Harvard Universiteti, ümumilikdə, 600-dən artıq kurs təqdim edir. Onların 100-dən çoxu onlayn rejimində həyata keçirilir.
Harvard Universitetinin Kembric və Bostonda yerləşən məktəblərində 21500 tələbə təhsil alır. Onların 14500-dən çoxunu magistrant və doktorantlar təşkil edir. Bundan əlavə, 30 minə qədər tələbə universitetin təklif etdiyi müxtəlif kurslarda təhsil alır. Tələbələr, əsasən, ABŞ-ın 50 ştatını və dünyanın 80-dən artıq ölkəsini təmsil edir.
Universitetdə 400-dən çox tələbə təşkilatı fəaliyyət göstərir. Burada müxtəlif idman növləri üzrə 20-dən artıq tələbə idman komandası, bir neçə tələbə teatrı və radiostansiyası var. Hər il universitetdə beynəlxalq musiqi festivalı keçirilir.