1912-ci il sentyabrın 4-də Yelizavetpol quberniyası Şuşa şəhərinin sakini Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyli Moskvada, Teatralnı ploşaddakı notariusun yanına gedir. 1912-ci il iyunun 14-də Bakıdan aldığı beşillik 125 nömrəli pasportunu təqdim edir və bir də bu vəkalətnaməni:
Əbdül Müslüm Maqometoviç həzrətləri!
Bu vəkalətnamə ilə Sizə səlahiyyət verirəm ki, mənə aid olan musiqi əsərlərinin istifadəsi üçün nümayəndə olasınız. Ayrı-ayrı şəxslər, müxtəlif cəmiyyət və şirkətlərlə əsərlərimin istifadəsi üçün razılığa gəlmək, bu münasibətlə şərtlər təyin edib müxtəlif qiymətlərlə istədiyiniz kimi müqavilələr bağlamaq, əsərlərimin istifadəsi üçün pul almağı və ümumiyyətlə, bu işdə məni əvəz etməyi, harada lazım gələrsə, mənim əvəzimdən qol çəkməyi, qanunun tələb etdiyi bütün formal işləri yerinə yetirməyi Sizə etibar edirəm. Bütün bunları Sizin qanuni yolla icra edəcəyinizə inanıram, bu münasibətlə sizinlə mübahisə etməyəcək və etiraz etməyəcəyəm.
Üzeyir Hacıbəyli vaxtilə “Bakinski raboçi” qəzetinin 30 iyul
1940-cı il tarixli nömrəsində çap etdirdiyi bir məqaləsində
xüsusi həssaslıqla açıb
göstərmişdi:
Müslüm Maqomayev yazdığı operada öz istəyinə nail ola bilmişdi. “Şah İsmayıl” Azərbaycanın o dövrdəki musiqi həyatında improvizə olunmuş milli operanı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək sahəsində ilk təşəbbüsdür. Burada bəstəkarın operaya məxsus əsas ünsürləri - ariyaları, duetləri, çoxsəsli xorları və sair tətbiq etmək arzusu bariz surətdə özünü göstərir”.