İnsan Vətənini sevir, çünki hürriyyəti, firavanlığı,
haqqı onun sayəsində mövcuddur.
Namiq Kamal
Mən səndən bir yaşıl budaq istədim,
Sən mənə bəxş etdin zümrüd meşələr.
Mən səndən kiçik bir otaq istədim,
Sən mənə bəxş etdin dilbər guşələr.
Mən səndən adicə həyat istədim,
Sən məni çıxardın min-min səhərə.
Mən səndən kiçik bir qanad istədim,
Sən məni uçurdun ənginliklərə.
Mən səndən bir dəstə çiçək istədim,
Mənimçün dörd fəsli yaz elədin sən.
Mən səndən ilhamlı ürək istədim,
Sən mənə təb verdin milyon ürəkdən.