Novruz bayramında, çərşənbə günlərində keçirilən oyun-əyləncələrdən ən maraqlısı yumurta döyüşdürməkdir. Yumurta Novruz bayramının əsas atributlarından biridir. Novruzun dörd çərşənbəsinin əlamətləri öz ifadəsini yumurtada tapıb. Belə ki yumurta qabığının dairəviliyi dünyanı, pərdəsi, bir növ, havanı, ağı suyu, sarısı isə odu simvollaşdırır. Yumurtanın daha çox sarı, qırmızı, yaşıl rənglərlə boyadılması da, sözsüz ki, Günəşlə, baharla, təbiətin yaşıllaşması istəyi ilə bağlıdır.