Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, qohum və yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam, xoş münasibət kimi ümumbəşəri dəyərlər üstün tutulmuşdur.
Novruzun əkinçilik təqvimi ilə bağlı olması tarixdən məlumdur. Belə ki bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi-günəş təqviminin ilk ayının ilk gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz adlandırıblar.
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Orta əsrlər İran əfsanələrinə əsasən Novruz bayramı ilk dəfə mifik İran şahları Kəyümərs və ya Cəmşid tərəfindən tətbiq olunmuşdur.
Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə, Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər.
‘Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Bəyin oğurlanması” filmində yağışın yağması ilə bağlı bir səhnə var. Kəndin ağsaqqalının verdiyi proqnoza hava haqqında məlumatı verən qız əvvəlcə inanmır. Ancaq hava dəyişkənliyi qızı ağsaqqalın dediyi sözə inanmağa məcbur edir. Filmdə həmin səhnəyə baxıb deyimlər və inanclar xalqın təcrübəsinin ümumiləşməsidir fikrini təsdiq edin.