Novruzun əsasında əski xalq mərasimləri dayanır. Novruzun rəsmi bayram kimi keçirildiyi qədim və orta əsrlərdə o, dini əfsanələrlə əlaqələndirilmiş və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərmişlər.
“Novruz” hərfi mənada “yeni gün” deməkdir. İfadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir.
Novruz haqqında məlumatlara Əbu Reyhan Biruninin “Asarul Baqiye” (“Keçmiş nəsillərin abidələri”), Mahmud Kaşğarlının “Divanü lugat-ittürk”, Yusif Balasaqunlunun “Qutadqu bilig”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərlərində rast gəlirik.
Biruninin əsərindən, Ömər Xəyyamın “Novruznamə”sindən aldığımız məlumatlara görə, Novruzda yerə su səpər, yaxınlara hədiyyə verər, şirniyyat paylayar, yeddi illik məhsulu müəyyənləşdirər, digər mərasimləri icra edərmişlər. Novruz günündə süfrəyə buğda, arpa, darı, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt və ya lobya unundan hazırlanmış çeşidli çörəklər düzərmişlər. Süfrənin ortasına yeddi cür ağacın (söyüd, zeytun, heyva, nar və s.) zoğunu, yeddi ağ piyalə, ağ dirhəm və ya yeni dinar