Mən bir qadına aşiqəm. Onun sədaqətinə, mətanətinə, mərhəmətinə heyranam, ona vurğunam.
O elə qadındır ki, öz vəfası ilə bütün dünyanı heyrətə gətirir.
O elə bir qadındır ki, Dəli Domrulun qadını kimi canını belə
ərinə qurban verə
bilər.
O elə bir qadındır ki, Qazan xanın arvadı, Uruzun anası Burla xatun kimi ərinin, oğlunun köməyinə çatmaq üçün at minər, silah qurşanar.
O elə bir qadındır ki, Əhməd Cavadın Şükriyyəsi kimi nəinki can yoldaşının eşqinə bütün var-dövlətini, hətta Sovet imperiyasının “Cavad təxəllüsündən vaz keç, sən və övladların rahat yaşasın” fikrinə: “Mən Cavaddan ötrü atamı, anamı, var-dövlətimi atdım, deyirsiniz, indi bu şərəfsizlərə görə ondan vaz keçim? Bu mümkün deyil”, - deməyi bacarar.
O elə bir qadındır ki, iki türk dövlətini Sara xatun kimi sülhə gətirər, barışı təmin edər.
O elə bir qadındır ki, Şah İsmayılın qadını kimi meydanda ona arxa durar!
O elə bir qadındır ki, namus və qeyrətini atası, qardaşı, əri üçün deyil, şəxsən özü üçün qoruyar!
O elə bir qadındır ki, heç vaxt əzilməyi, alçaldılmağı, qovulmağı qəbul etməz, istənilməyən yerdən öz arzusu ilə gedər, qisasını Tomris kimi alar.
O elə bir qadındır ki, özü böyük bir güc olmasına baxmayaraq, elinin adət-ənənəsinə Şirin kimi hörmət edər, baş əyər!
O elə bir qadındır ki, Turan xanım kimi atasının (Hüseyn Cavid) ruhuna daim sadiq qalar, öz xoşbəxtliyini haqqa qurban verə bilər!
O elə bir qadındır ki, öz oğlunu vətən yolunda qurban deyib başına xına yaxa bilər!