Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!
Ağzından alov saçan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan “allah”lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!
Necə ki yer üzündə yamanlar, pislər yaşar,
İçi dolu qurd olan nankor xəbislər yaşar,
Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,
Necə ki bu şeytanlar, cinlər, iblislər yaşar,
Gərək hər gün, hər saat yağılardan öc alım,
Xocalım, ay Xocalım!
Quruyub cadar olmuş dodaqlara nə deyim?
Kəsilmiş biləklərə, barmaqlara nə deyim?
Qar içində buz olmuş ayaqlara nə deyim?
Yaxınlar
eşitmirsə, uzaqlara nə deyim?
Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,
Xocalım, ay Xocalım!
Sənə yas verənlərə yas dalınca yas gərək,
İgidlərim öyməli, oğullarım xas gərək.
Dəmirdən geyim gərək, poladdan libas gərək,
Ölümə ölüm gərək, qisasa qisas gərək,
Gərək səndən ötəri
qala yıxım, bürc alım,
Xocalım, ay Xocalım!
Töküldülər üstünə quduz kimi, ac kimi,
Şumladılar yer kimi, qırdılar ağac kimi,
Dağıtdılar çöllərə əsir, yalavac kimi.
Səni qaldırammasam başım üstə tac kimi,
Tarixin yaddaşında çətin qalxım, ucalım,
Xocalım, ay
Xocalım!
Yerbəyer eləməmiş sevincimi, dərdimi,
Bir-birindən
seçməmiş mərdimi, namərdimi,
Əjdahalar əlindən
qurtarmamış yurdumu.
Tanrının qırmancına döndərməmiş
ordumu.
Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim,
Xocalım, ay Xocalım!
Zəlimxan Yaqub