Otağa daxil olan ağsaçlı, nurani bir qadın dərhal özünü təqdim etdi: “Mən Elmira Məmmədovayam... Şəhid anasıyam... Gəncədən gəlmişəm. Oğlum 1994-cü il yanvarın 28-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb...”
Maşallah Abbasəli oğlu Məmmədov 1974-cü il dekabrın 5-də Gəncə şəhərində anadan olmuşdu. Sovet ittifaqı qəhrəmanı İsrafil Məmmədov adına 27 saylı orta məktəbi bitirmişdi. Olduqca səbirli, təmkinli və savadlı gənc olan Maşallah həm də idmanla müntəzəm məşğul idi. 1993-cü il yanvarın 20-də Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Atası Abbasəli kişi ilə birlikdə Biləcəri çağırış məntəqəsinə gedərkən Hacıqabul yolunda avtomobil qəzasına düşür. Bu qəzada atasını itirən Maşallah özü də ağır bədən xəsarətləri ilə xəstəxanada aylarla müalicə olunur. Bir müddət sonra 1993-cü il iyunun 13-də yenidən Azərbaycan ordusuna həqiqi hərbi xidmətə yollanır. Maşallahın xidmət yolu “N” hərbi hissəsindən başlayır.
Onun xidməti xasiyyətnaməsindən bu sətirləri oxuyuruq:
“Sıravi M. A. Məmmədov 1993-cü ilin iyulundan bizim taborun əsgəri idi. Xüsusi təyinatlı hissədə xidmət etmək istəyi ilə bizim tabora gəlmişdi. Elə ilk günlərdən fədakarlığı, hərbi bacarığı əsgər yoldaşlarına örnək idi. Döyüş bölgəsinə gəldiyi vaxtdan sıravi Məmmədov cəsur hücumçu, sərvaxt döyüşçü idi”.
30-a yaxın döyüşdə iştirak edən Maşallah hər dəfə cəsarəti ilə hamını təəccübləndirirdi. Əsgər yoldaşları onun cəsurluğundan, qorxmazlığından, igidliyindən