Bakı liman şəhəri olduğu üçün burada gəmiçilik
çox inkişaf etmişdi. Dərgahqulu xanın oğlu Mirzə
Məhəmməd əyalətin bərbad hala düşmüş iqtisadiyyatını
qaydaya salıb, inkişaf etdirmək üçün, birinci növbədə,
Xəzərdə gəmiçiliyin inkişaf etdirilməsi qayğısına qaldı.
Bir gün Mirzə Məhəmməd oğlu Məlik Məhəmmədi
yanına çağırıb dedi:
– Qulaq as,
Məlik Məhəmməd, gör nə
deyirəm. Biz
dəniz sahilində oturmuşuq, ancaq öz gəmilərimiz yoxdur.
Balıqçı gəmiləri ilə iş aşmaz. Bizə elə gəmi lazımdır ki,
üstümüzə düşmən gələndə onun qabağına çıxa bilək. Bunun üçün mən
Avropaya getməliyəm, – deyib Mirzə Məhəmmədxan dərindən
nəfəs aldı. – Yaxşı gəmiləri ancaq oralarda düzəldirlər.
– Bəs burada kim qalacaq? – Məlik Məhəmməd təəccüblə soruşdu.
– Necə yəni kim qalacaq? Sən!
Məlik Məhəmməd bəzi işlərdə atasına kömək edirdisə də, özünə qarşı bu cür etibarı heç gözləmirdi.
Mirzə Məhəmməd Avropa dənizçilik ölkələrinə səyahətə gedir və orada gəmi inşası ilə yaxından tanış olur. Həmin illərdə Bakıda olmuş səyyah Lerx yazırdı ki, admiral Bakı xanı Mirzə Məhəmməd tez-tez Langertə gedərək orada sifariş verdiyi gəmilərin inşasına rəhbərlik edirdi. Beləliklə, o, Bakıda admiral kimi tanınmağa başlamışdı.
İkinci bakılı admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovdur. O, sözün həqiqi mənasında, ali dənizçilik təhsili almış admiral idi. Aslanbəyov 1822-ci il sentyabrın 10-da Bakıda anadan olmuşdur. 1837-ci ildə Peterburqda dənizçilik məktəbini bitirmişdir.
...Admiral bacarığı və əzmkarlığı sayəsində vəzifəsində getdikcə yüksəlir və 1854-cü ildə “Elbrus” hərb gəmisinə komandirlik etməyə başlayır. 1878-ci ildə Aslanbəyova kontr-admiral rütbəsi verilərkən o, 8-ci donanma ekipajının rəisi idi.
Aslanbəyov eyni zamanda dənizçiliyə aid bir sıra əsərlərin müəllifi idi. 1887-ci ildə ona misilsiz xidmətlərinə görə vitse-admiral rütbəsi verilmişdir.
Ölümündən sonra Saxalində bir yarımada onun adı ilə adlandırılmışdır. Oxot dənizində də bir boğaz onun adınadır.