İllər ötür, nəsillər dəyişir, xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Bəziləri unudulub gedir, bəziləri qan yaddaşına həmişəlik yazılır.
Azərbaycanın müasir tarixini vərəqləyənlər 20 Yanvar səhifəsinə çatanda mütləq dayanırlar. Bu gün milyonların yaddaşında özünəməxsus yer tutur. Onu obrazlı şəkildə “Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi” adlandırırlar.
1990-cı ilin 20 yanvarından bizi 24 il ayırır. Bütün yaraları sağaltmağa qadir zaman xalqın 20 Yanvar ağrısına məlhəm ola bilmir. Əlifbanı təzəcə öyrənən məktəblidən tutmuş hafizəsi zəifləyən ahıl insanlaradək hamı 20 Yanvarla bağlı suala düşünmədən cavab verə bilər.
Biz bilirik, biz unutmamışıq. Bəs dünya necə, Azərbaycan xalqının “20 Yanvar”ı haqqında nə bilir? 24 il bundan əvvəl Bakıda, Azərbaycanda baş verənləri xatırlayırmı?
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə atılan güllələrin vıyıltısı, şəhərə soxulan tankların motorlarının uğultusu hələ də qulaqlardan getməyib.
İmperiya bu cəza aktı ilə xalqın gözünü qorxutmaq, onun azadlıq ruhunu qan içində boğmaq istədi. Amma buna nail ola bilmədi. Şəhidlər son mənzilə milyonların çiyinlərində yola salındı. Təpədən-dırnağadək silahlanmış imperiya əsgərləri ilə əhatəyə alınmış Bakı həmin gün görünməmiş izdiham yaşadı.
1990-cı ilin faciəli yanvar günlərindən soma Bakının xəritəsinə bir çox yeni ünvanlar yazıldı.