Su (H2O) adi və qeyri-adi maddədir. Bizim planetin 3/4 hissəsi okeanların, dənizlərin suyu ilə əhatə olunmuşdur. Yer qabığının quru hissəsinin 20%-i bərk su ilə örtülmüşdür. Planetin iqlimi sudan asılıdır. Suyun istilik tutumu çox yüksəkdir. Qızdırdıqda o, istiliyi udur, soyuduqda isə istiliyi verir. Suda canlı hüceyrələrdəki bütün biokimyəvi proseslər məhlulda gedir.
Su 3 cür olur: maye, bərk və qaz halında. Suya həm hidrogenin oksidi, həm də oksigenin hibridi kimi baxmaq olar.
Su molekulu kor bucağı olan üçbucaq şəklində qurulmuşdur. İki O-H (oksigen- hidrogen) rabitəsi arasındakı bucaq 104 dərəcə 27 dəqiqədir. Su molekulundakı hər iki hidrogen atomu oksigen atomunun bir tərəfində yerləşdiyi üçün elektrik yükləri onda paylanır. Molekulun bir tərəfi müsbət, digər tərəfi mənfi yüklənir. Deməli, su molekulu polyardır.
Elmi üslubun digər əlamətlərindən biri sözlərin həqiqi mənada işlənməsidir. Bu üslub təbiət və cəmiyyət hadisələri haqqında dəqiq məlumat verir, onların mahiyyətini və qanunauyğunluqlarını sübut edir. Ona görə də bu üslubda sözlərin həqiqi mənada işlənməsi vacib şərtlərdəndir.
Bədii üslubda isə müəyyən əşya öz təbiətinə uyğun olmayan bir əlamətlə qarşılaşdırıla bilər.
Məsələn:
qəm dəryası, polad biləklər, daş qəlblər, gözəl mənasında
maral, ceyran
söz və ifadələrindən istifadə oluna bilər.
Elmi üslubda bilək, əl, ürək sözlərindən bədən üzvləri haqqında, maral, ceyran sözlərindən isə heyvan haqqında verilən məlumatlar zamanı istifadə olunur.
Elmi üslubda hiss və həyəcan duyğularını yaradan söz və ifadələr, nida cümlələrinin və dialoqun işlədilməsi xarakterik deyil.
Elmi üslubda beynəlmiləl terminlər üstünlük təşkil edir.