İri çay vadilərində və onların yaxınlığında yerləşən mineral bulaqlar heç də muxtar respublika ərazisində bərabər səviyyədə paylanmayıblar. Bu sarıdan Şahbuz rayonunun qismətinə daha çox pay düşüb. Ərazisindəki çay vadiləri boyu 40 kvadrat kilometrlik sahədə 50-dək mineral su mənbəsi aşkar olunub. Culfa rayonunda 85 mineral su bulağı qeydə alınıb. Babək rayonunda isə 50 mineral-müalicə su mənbəyi öyrənilib.
Tədqiqatçıların fikrincə, mineral bulaqların formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti olub. Alimlər həm də bu qənaətdədir ki, bu suların yüksək kimyəvi-balneoloji xüsusiyyətlərə malik olmalarında onların müxtəlif tərkibli və yaşlı çöküntülərdən çıxması önəmli rol oynayır. Bu halda bulaq suları yeraltı süxurların bütün müsbət keyfiyyətlərini özləri ilə bərabər yerin səhtinə çıxarırlar. Nəzərə alsaq ki, ərazidə ən qədim su süxurlarının yaşı 400 milyon il ilə 500-700 min arasında dəyişir.
AMEA-nm Naxçıvan bölməsinin əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova deyir ki, mineral suların müalicəvi xüsusiyyətləri onların tərkibindəki 6 əsas ionla müəyyən edilir: natrium, kalsium, maqnezium, xlor, sulfat və hidrokarbonat. Bu suların tərkibinin müxtəlifliyi isə altı elementin müxtəlif nisbətlərdə birləşməsindən asılıdır. Əgər hidrokarbonat və natrium ionu suda üstünlük təşkil edirsə, təbii ki, bu halda onlar hidrokarbonatlı-natriumlu, yəni məşhur “Barjomi” tipli suları təşkil edir. Naxçıvandakı “Sirab”la yanaşı, “Gülüstan” (Culfa), “Nəvi” (Ordubad), “Biçənək” (Şahbuz) mineral suları da bu tipə aiddir. “Narzan” sularında isə müxtəliflik maqnezium, kalsium və sulfat ionlarının birləşməsindən əmələ gəlir. Şahbuz rayonundakı “Badamlı”, “Gicdəsər”, “Karvansara”, “Sələsüz”, Culfadakı “Dingə”, “Nəsirvaz”, Babək rayonundakı “Qızılburun” bulaqları da bu suların anoloqudur.