5,3 min kvadrat kilometr ərazisi olan Naxçıvan torpağı ölkə ərazisinin cəmi 6,4 faizini təşkil etsə də, iqlim və relyefi, flora və faunası, yerin təkindəki təbii sərvətləri ilə zəngindir. İqlimi quru və kantinental, relyefi əsasən dağlıq və dağ ətəyi ərazidən ibarət olan bu diyarın flora və faunası ilk baxışda yoxsul və çılpaq görünür. Amma ərazi cəhətdən bir o qədər böyük olmayan bu regionda ali bitkilərin 2963 növünə rast gəlinir ki, onların da 73-ü mədəni floraya daxildir. Heyvanların növ tərkibi və miqdarı isə siniflər üzrə Azərbaycan faunasının 60-80 faizini təşkil edir. O ki qaldı bölgədə Yerin təkindəki və üzərindəki sərvətlərin bolluğuna, Azərbaycan elminin görkəmli nümayəndələrindən biri olan akademik Mirəli Qaşqayın dağ-mədən ehtiyatlarına görə Naxçıvanı “Azərbaycanın Uralı” adlandırmasını xatırlatmaq kifayətdir. Akademik Naxçıvanı həmçinin sərvətlərinin zənginliyinə görə torpaqlarımızın “şah damarı” adlandırıb.
Geologiya-mineralogiya elmləri ilə məşğul olan alimlərimiz bu diyarı “təbii bulaqlar muzeyi” adlandırıblar. Hələlik bu “muzeyin” 250-dən artıq ekspanatı aşkar olunub. Onların gündəlik debiti də az deyil. Hesablamalara görə, gün ərzində regiondakı mineral su mənbələri yer səthinə təxminən 24 milyon litr su axıdır. Onların da çox az bir hissəsindən istifadə olunur. Onu da deyək ki, hər damlasında həyat nümunəsi olan bu mineral bulaqlar (xüsusilə müalicə əhəmiyyətli sular) adamlara qədim zamanlardan məlum olub. Yerli əhali həmişə dirilik, şəfa suyu olan bu bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə: “Tanrı ocağı”, - deyərək möhkəm inam bəsləyib. Elə o vaxtlardan da həmin mənbələrin ətraflarında yaşayış məskənləri salınıb. Sirab kəndi yaxınlığındakı Daşqala mağarasını buna misal göstərmək olar. Deyilənə görə, burada ibtidai icma dövrünün adamları yaşayıblar. Badamlı kəndi yaxınlığındakı nekropol isə orta əsrlərə aid arxeoloji abidədir. Naxçıvan şəhərinin ilkin adları olan Naksuana və Naşəva sözləri də öz mənalarını bu “tanrı ocağı”ndan götürüblər. Sən demə, Naşəva