Amerikalı rəssam əlinin işarəsi ilə tərcüməçini saxladı:
- Bu rəssamın tablolarında akademizm yoxdur. Bütün əsərləri təbii istedadın məhsuludur. İlk baxışdan görünür ki, bu əsərləri o, savad gücünə deyil, ilham gücünə yaradıb. Belə olmasaydı, bunlar tamaşaçıya poetik təsir bağışlamazdı. Tablolardakı rənglər də indiyə qədər tanış olduğun başqa rəssamların istifadə etdikləri rənglərdən fərqlənir. Bu rənglər müəllifin kəşfidir.
Salona elə bil birdən-birə sükut ələndi. Heç kim dinib-danışmadı. Amerikalı rəssamın baxışları ətrafında yığışıb bu ecazkar rəsm əsərlərinə tamaşa edənlərin üzündə gəzdi. Sanki o, Səttarı tanıyanlardan yenə də nə isə soruşmaq istəyirdi. Arxa tərəfdə dayananlardan biri, deyəsən, bunu hiss etdi. Adamları aralayıb rəssama yaxınlaşdı.
- Mən Səttarı tanıyırdım. Rəngi necə seçməsini də görmüşdüm. Yaxşı yadımdadır, natura dalınca Azərbaycana gəlmişdim. Təsadüfən dağ kəndlərinin birində onunla rastlaşdım. Yaxından tanış olub ülfət bağladıq. O, tez-tez məni nar kolları olan bir yerə aparırdı. Amma heç nə çəkib eləmirdi. Elə hey yenicə çiçəkləyən nar çiçəklərinə baxırdı. Bu məni çox maraqlandırdı. Dedim: