2 Azərbaycanda kitabxanaların yaranmasında əvəzsiz xidmətləri olmuş İbn Sinanın tələbəsi filosof Əbülhəsən Bəhmənyarın şəxsi kitabxanası XI əsrdə ən gözəl kitabxanalardan biri idi. Xətib Təbrizinin də Təbrizdə zəngin şəxsi kitabxanası olmuşdur. Nəsirəddin Tusi Azərbaycan kitabxana tarixinə misilsiz töhfələr bəxş etmişdir. O, Hülakü xanın əmri ilə tikdirdiyi Marağa rəsədxanasında kitabxana yaratmış və burada dünyanın müxtəlif ölkələrindən dörd yüz mindən çox kitab toplamışdır.
Nəsirəddin Tusinin açdığı kitabxanadan sonra ölkənin ikinci böyük elm ocağı XII-XIV əsrlərdə mövcud olmuş Elxanilər dövlətinin baş vəziri Fəzlullah Rəşidəddinin təşkil etdiyi zəngin kitabxanalar hesab edilirdi. O, Təbriz, Qazaniyyə və başqa şəhərlərdə zəngin kitabxanalar yaratmışdır. F.Rəşidəddin maarifçilik baxımından böyük əhəmiyyət kəsb edən kitabların məhv olmasının qarşısını almaq üçün onların üzlərini dəfələrlə xəttatlara köçürtdürərək ölkənin başqa kitabxanalarına göndərmişdir. O dövrdə Rəşidiyyədə altmış mindən çox kitab fonduna malik olan kitabxana, eyni zamanda universitet və onun tərkibində bir kitabxana fəaliyyət göstərirdi. Təəssüf ki, Ulcaytu xan tərəfindən ölümünə fərman verilmiş Rəşidəddinin zəngin kitabxanasını xilas etmək mümkün olmamış, qiymətli kitabların bir qismi yandırılmış, bir qismi oğurlanmış və başqa ölkələrin kitabxanalarına daşınmışdır.