Mən universitet, yəni darülfünundan təzə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazisi Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç kəs yox idi, anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazi ilə biz başladıq söhbəti. Deməyinən, yazıq anam da qapının dalında durub qulaq asırdı.
Qazi içəri girən kimi mən qabağa yeridim və dedim:
- Salam məleyk.
Cənab qazi mənə cavab verdi ki, ay əssalamü əleyküm, ay xudahafiz, əhvali- şərif, ənasiri-lətif, maşaallah, maşaallah, Əxəvizadə, neçə müddətdi, müntəziri- vucudi-zicudunuz və müştaqi-didarınız idim, inşaallah, zati-alinizin məzacı-mübarəkləri salimdir.
Mən bir şey başa düşməyib dedim:
-Da.
Cənab qazi bir qədər baxdı mənim üzümə və genə başladı:
- Əxəvizadə, təhsili-fünunuzu əncama yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülelmə əvdət etməlisiniz?
Mən genə bir şey başa düşməyib dedim ki, cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz.
Axund soruşdu:
- Necə?
Mən dedim:
-Çto?
Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi:
- Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim.
Dedim:
-Ana, mollaynan biz ana dili danışırdıq.
Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi:
Yazıq ana dili!