1895-ci ildə Gəncədə qadın gimnaziyası açılmış, amma dövlət vəsaiti ilə təmin edilmədiyinə görə yalnız 1906-cı ilə kimi fəaliyyətini davam etdirə bilmişdir. Qeyd edək ki, burada oxuyan 400 qız şagirddən ancaq 3-ü azərbaycanlı idi.
1898-ci il aprelin 23-də isə Gəncənin Bağmanlar yaşayış sahəsinin İmamlı məhəlləsində əhalinin topladığı vəsait hesabına ilk rus-tatar (Azərbaycan) məktəbi açılmışdır. Görkəmli pedaqoq, məktəblilər üçün bir neçə dərsliyin müəllifi Mirzə Abbas Abbaszadə şəhər məktəbindən bu yeni tipli məktəbə Azərbaycan dili və şəriət müəllimi təyin, edilmişdi. O həm oğlan, həm də qız şagirdlərin dərsliyə ehtiyacını nəzərə alaraq “Birinci şöbə üçün şəriət dərsi” və “İkinci şöbə üçün şəriət dərsi” adlı iki kitab hazırlayıb 1901-ci ildə Gəncədə çap etdirmişdir. Bu kitabları müəllif tərtibatını özü hazırladığı tədris proqramı və təcrübədə tətbiq etdiyi yeni tədris üsulu əsasında ərsəyə gətirmişdi. 1901-ci ildə M. A. Abbaszadənin işlədiyi şəhər məktəbində qız şöbəsi də təşkil edilmiş, savadlı qadın müəllimlər olmadığından orada ana dili və şəriət fənlərini tədris etmək M. A.Abbaszadəyə həvalə olunmuşdu.
Gəncədə ƏSGƏR AĞA HAQVERDİ BƏY OĞLU ADIGÖZƏLOVUN (GORANİ) 1909-cu ildə açdığı məktəb də çox məşhur idi. Yelizavetpolda (Gəncədə) bələdiyyə rəisi işlədiyi beş il ərzində Əsgər ağa Gorani özünün maarifçilik və xeyriyyəçiliklə bağlı xidmətləri ilə böyük hörmət qazanmışdı. Onun təşəbbüsü və vəsaiti İlə Gəncədə biri qızlar üçün olmaqla dörd məktəb açılmışdı. Daşkənddə boya-başa çatmış, PETERBURQ NƏCİB QIZLAR İNSTİTUTUNDA təhsilini başa vuraraq bir müddət Bakıda Tağıyevin qız məktəbində müəllim işləyən Xədicə Ağayeva (Əbdürrəhimova) 1909-cu ildə Gəncəyə gəlmiş, 1919-cu ilədək Adıgözəlovun qız məktəbinə rəhbərlik etmişdir.