Valideynlərin dəstəyi və daim təhsil prosesi ilə maraqlanmasının da uşaqların bilik və bacarıqlarının üzə çıxarılmasında böyük rolu var. Bu səbəbdəndir ki, valideynlərlə xüsusi iş proqramları mövcuddur. Bu proqramlar yalnız valideynlərlə görüşdən ibarət deyil. Bura müxtəlif dərslərdə valideynlərlə canlı bağlantı qurmaq, onlan izləyici kimi dərsə dəvət etmək və s. işlər daxildir.
Dərs kitabları incə və yüngüldür. Sadə karikaturlardan istifadə olunaraq tərtib edilən kitablar uşaqların dostu halına gətirilir. Bir ildə cəmi 13-14 mövzu tədris olunsa da, bunlar daha dərin şəkildə öyrədilir. Beləcə, kitablarda az mövzu olduğundan uşaqların bir mövzu üzərində daha çox vaxt keçirmək və professionallaşmaq imkanı yaranır. Təhsil fərdi olduğundan hər uşaq öz sürəti ilə öyrənir. Bir mövzu öyrənilmədən digərinə keçilmir. Mövzular asandan çətinə doğru konkret - vizual - mücərrəd qaydaya əsaslanır. Bununla da tam öyrənmə gerçəkləşir. Riyazi mövzular şagirdlərə öz-özünə öyrənməyi də öyrədir.
İngilis dili, ana dili, riyaziyyat, 3-cü sinifdən etibarən isə həyat bilgisi dərsi ibtidai sinifdə tədris planının əsas hissəsini təşkil edir. Bu fənlər uşaqlarda ikidilliliyi və problem həlletmə bacarığını inkişaf etdirirlər. Şagirdlər həmçinin incəsənət, xarakter və vətəndaşlıq təhsili, musiqi, sosial elmlər və fiziki tərbiyə dərslərini də keçirlər. Bu fənlər şagirdləri erkən yaşlardan təhsilin müxtəlif sahələrinə yönəldir, onlara öz maraq və istedadlarını kəşf etməyə, vacib biliklərin geniş bazasını qazanmağa kömək edir.
Xarakter və vətəndaşlıq təhsili tədris planının vacib hissəsidir. Şagirdlər bu dərslərdə ailəyə və cəmiyyətə qarşı məsuliyyətli olmağı öyrənir, millətin gələcəyinin formalaşmasında öz rollarını anlayırlar.