Mənim doğulduğum ailədə qız övladları valideyninə heç vaxt “YOX” demirlər. Atam mənim ailə qurmağımı istəyirdi. Mənim ona cavabım Əgər bu səni xoşbəxt edəcəksə mən razıyam oldu. Amma bu evlilik heç vaxt xoşbəxt bir evlilik olmadı. Evləndikdən yalnız 2 il sonra, təxminən 9 il əvvəl maşın qəzası keçirdik. Necə olubsa, yoldaşım sükan arxasında yuxulamış və bu, maşının xəndəyə yuvarlanması ilə nəticələnmişdi. O, birtəhər özünü xilas etmiş, mən isə maşının içində qalmışdım. Onu da deyim ki, yoldaşımın xilas olmasına çox sevindim. Demək olar ki, bədənimdə salamat yer qalmamışdı. Sağ qolumun mil sümüyü, bilək, çiyin və körpücük sümükləri, bütünlükdə döş qəfəsim qırılmışdı. Lakin məni və həyatımı dəyişən yara tamamilə fərqli idi, bu, onurğa sütünümdan aldığım zədə idi.
...Gözlərimi aça bilməsəm də, ətrafımda xeyli insanın olduğunu toplaşdığını hiss edirdim. Adamların hamısı məni xilas etməyə çalışırdılar. Onlar mənə ilk yardım etdilər, məni maşından dartıb çıxardılar. Dartınmanın təsiri ilə onurğa beyninin tam zədələnməsi baş verdi. İki ay yarım xəstəxanada keçirdiyim müddət həyatımın ən dəhşətli günləri idi. Ümidsizlik içində idim.
Bir gün həkim gəldi və mənə dedi: “Mən eşitmişəm ki, sən rəssam olmaq istəyirmişsən, ancaq evdar qadın olmusan. Sənə bir pis xəbərim var. Bir daha şəkil çəkə bilməyəcəksən”. Başqa bir həkim gəldi və dedi: “Sənin onurğan o qədər pis zədə alıb ki, sən yeriyə bilməyəcəksən”. Mən dərindən ah çəkdim və hər şeyi qəbul etdim. Növbəti gün həkim gəldi və dedi: “Onurğandakı zədəyə görə sən ana ola bilməyəcəksən. Həmin gün dünyam qaraldı. Həyatdakı varlığımı mühakimə etməyə başladım. Axı niyə həyatdayam?
Ancaq daxili bir təkan hansısa qüvvə mənə buradan dur deyirdi. Bilirsinizmi, məni həyata bağlayan nə oldu? Əlimin zədə aldığını bilirdim, amma xəstəxananın ağ divarlarından, geyindiyim ağ paltarlardan, ətrafımda dolaşan ağ xalatlılardan o qədər bezmişdim ki, qardaşlarımdan mənə rəngli boyalar və kağızlar gətirmələrini xahiş etdim. Şəkil çəkmək istədim. Beləliklə, ölüm yatağında çəkdiyim ilk şəkil inanılmaz bir terapiya oldu. Bir söz belə demədən, həmin şəkildə mən bütünlüklə qəlbimi ifadə edə bildim. Mən hekayəmi paylaşa bilirdim. İnsanlar baxır və deyirdilər: “Nə qədər çox rəng var, nə gözəl rəsmdir”. Ancaq heç kim oradakı kədəri görə bilmirdi. Bunu yalnız mən görürdüm. Elə o gün həyatımı özüm üçün yaşamağa qərar verdim.
Mən heç kim üçün mükəmməl insan olmaq istəmirdim. Mən həyatımın bu anını özüm üçün mükəmməl etməyə çalışır və qorxularımla mübarizə aparırdım. Bütün qorxularımı bir kağıza yazdım və bu qorxularıma qalib gəlmək qərarına gəldim. Bilirsiniz, mənim ən çox qorxduğum şey nə idi? Boşanma. Ancaq həmin gün qərar verdim ki, bu qorxudan başqa bir şey deyil. Mən onu - həyat yoldaşımı azad etməklə özümü azad etdim. Özümü emosional baxımdan möhkəmləndirdim. Bu baxımdan özümü o qədər möhkəmləndirdim ki, evləndiyi gün ona ismarıc yazdım və dedim: “Sənin adına çox xoşbəxtəm və sənə hər şeyin ən yaxşısım arzulayıram”.
İkinci qorxum o idi ki, bir daha ana ola bilməyəcəkdim və bu mənim üçün, həqiqətən də, dəhşətli idi. Sonra anladım ki, dünyada o qədər qayğıya, məhəbbətə ehtiyacı olan uşaqlar var ki. Ağlamağa mənim üçün bir səbəb qalmamışdı və övladlığa bir uşaq götürmək qərarına gəldim. Mən adımı müxtəlif təşkilatlara, uşaq evlərinə verdim və səbirlə gözləməyə başladım.