4 XIX əsrin sonlarından, təxminən 80-90-cı illərdən Şuşada və Tiflisdə teatr tamaşalarının fasilələrində xanəndə və sazəndələrin çıxışları təşkil olunur. Bu konsertlərdə xanəndə Cabbar Qaryağdıoğlunun ifası xüsusi maraq doğururdu. İlk konsert 1901 -ci ilin yayında keçirilmişdir. Həmin konsertdə Cabbar Qaryağdıoğlu, Qasım Abdullayev, Məşədi Zeynal, kamançaçı Qosti Bağdagül, Gülablı aşıqları: Abbasqulu, Nəcəfqulu və başqaları iştirak etmişlər. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə konsertdə 12 nəfərdən ibarət orkestr və el nəğmələrini ifa edən xor dəstəsi iştirak edirdi. Ümumiyətlə, xanəndəlik və sazəndəlik sənətinə böyük əhəmiyyət verən Əbdürrəhim bəy Haqverdiyevin musiqi mədəniyyətimizin inkişafında böyük xidməti olmuşdur. Məhz onun təşəbbüsü ilə musiqiçilərimiz ilk dəfə səhnəyə çıxmışlar. Ondan əvvəl isə bu musiqiçilər öz istedad və ustalıqlarını yalnız toy və digər xalq şənliklərində nümayiş etdirə bilirdilər.
5 Şuşadan sonra “Şərq konsertləri” Bakıda keçirildi. 1902-ci il yanvarın 11-də, cümə günü Hacı Zeynalabdin Tağıyevin teatrında yenə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında birinci Şərq konserti təşkil olundu. Bu da Bakının musiqi həyatında əlamətdar hadisə idi. Dörd hissədən ibarət konsertin birinci hissəsində Cabbar Qaryağdıoğlu “Mahur”, Keçəçioğlu Məhəmməd “Şüştər” oxudu. İkinci hissədə Şəkili Ələsgər “Çahargah”, Bakılı Seyid Mirbabayev “Bayatı-İsfahan” muğamlarını oxuyaraq sürəkli alqışlar qazandılar.
6 Bu maraqlı və rəngarənk konsertin üçüncü hissəsində Füzulinin “Leyli və Məcnun” poemasından bir parça göstərildi. Bu iki böyük muğam ustadının - Cabbar Qaryağdıoğlu ilə Keçəçioğlu Məhəmmədin duet şəklində deyişmələri idi. Qəzetlər yazırdılar ki, onlar xüsusi kostyumlarda çıxmışdılarsa da, rol oynamırdılar, amma gözəl oxuyurdular. Bu konsertdə Əbdürrəhim bəy Haqverdiyevin “Tamah” tamaşasından toy pərdəsi göstərilmişdir. 12 nəfərlik orkestr “Arazban” ritmik muğamını məharətlə ifa etmişdir.
7 Ən böyük konsert üçüncü Şərq konserti idi ki, o da 1903-cü il yanvarın 27-də baş verdi. Bu konsert daha təntənəli keçdi. Konsertin birinci hissəsində şuşalı Qasım Abdullayev “Zabul” segahını böyük ustalıqla ifa etdi. Sonralar bu muğam gözəl ifaya görə onun adı ilə “Zabul Qasım” adlandırıldı. Hətta o rəhmətə gedəndə Cabbar Qaryağdıoğlu demişdir ki, Qasım yox, “Zabul” öldü.
8 1906-cı ildə ilk dəfə İngiltərənin “Qrammafon” cəmiyyətinin Riqa şəhərindəki şöbəsi məşhur Qafqaz musiqiçilərinin səslərini qrammafon valına yazdırmaq üçün onları dəvət etmişdi. Səsini vala yazdıran ilk şəxs məhz Cabbar Qaryağdıoğlu olmuşdu. O vaxt bu vallar hələ bir üzlü və kiçik həcmli idi.