İnlədi, batmadı ancaq o, yasa,
Düşündü, aləmi düşündürdü o.
Nofəlin parlayan qılıncındasa,
Bir gün parlayacaq haqqı gördü o.
Tökdü kağızlara könül varını,
İlhamı kükrədi,
t...ğyana gəldi.
Bir daha oxuyub yazdıqlarını -
Sənətin gücünə heyran kəsildi.
Dedi: Sənətimlə illərdən bəri,
Daşa, torpağa da can verirəm mən.
Bəngü-badələri, cansız şeyləri
Danışan insana çevirirəm mən.
Mən gah ney oluram, gah dəf, gahsa tar,
Gah kanon oluram, gah ud, gah setar.
Ney olsam, ney kimi inlərəm həmən,
Tar olsam, sim kimi gərilərəm mən.
Bir anın içində həm qara, həm ağ,
Həm yaxın oluram, mən həm də uzaq,
Həm gecə oluram, həm gündüz,
Allah! Həm “əyri” oluram, həm də “düz”,
Allah! Gah Qeysin atası olub ürəkdən,
Leylini “oğluma istəmirəmmi?”
Leylinin atası olub gah da mən,
Onun xahişinə “Yox” demirəmmi?
Məni - Füzulini yaratdı Tanrı,
Alacaq qoynuna məni də torpaq.
Məhv olur Allahın yaratdıqları,
Mənim yaratdığım ölməzdir ancaq.
Füzulinin şöhrəti yayıldı ölkələrə
Onun söz inciləri bir gündə neçə kərə,
Neçə-neçə dodaqda inildədi ney kimi...
Hər kəs dedi: Füzuli yazıb mənim dərdimi,
Yandırdı ürəkləri bir qəlbin odu, közü.
Milyon qəlbin dərdini daşıyan qəlbin sözü,
Dindirdi mizrab olub milyon qəlbin telini.
Füzuli bayraq etdi doğma ana dilini,
O bu dildə ilk dəfə “Leyli-Məcnun” yaratdı.
Bəxtiyar Vahabzadə