Azərbaycan xalçaları əsrlər boyu yalnız Azərbaycan və Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanmış, dünya bazarlarında çox yüksək qiymətləndirilmişdir. Mahir xalça ustalarımızın bu vaxta kimi yaratdığı ən gözəl və yüksək bədii keyfiyyətli xalçalar dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri nümunəsi kimi saxlanmaqdadır.
1539-cu ildə Ərdəblldə toxunmuş məşhur “Şeyx Səfi” xalısı, eyni zamanda, bir çox başqa qiymətli xalılar hazırda Londonun Viktoriya və Albert muzeylərində, həm də digər muzeylərdə saxlanılır. İstanbulda “Türk-İslam Əsərləri Muzeyi”ndə XVIII əsrə aid “Qoca” xalçası saxlanılır.
XVII əsrdə Şirvanda toxunmuş “Şamaxı” xalçası, habelə XVI əsrdə Təbriz karxanalarında hazırlanmış “Ovçuluq” kimi xalılar Nyu-York şəhərinin Metropoliten İncəsənət Muzeyində saxlanılmaqdadır. XV əsrdə Gəncədə toxunmuş “Qazax” xalçası İstanbulda “Türk-İslam Əsərləri Muzeyi”ndə saxlanılır. XVI əsrdə Alpan kəndində (Quba qrupuna daxildir) toxunmuş xalça və XVI əsrdə Qarabağda hazırlanan “Qoca” adlanan xalı Amerikada Qərbi Avropa kollek- sionerlərinin 1939-cu ildə Nyu-York şəhərində təşkil etdikləri “XV-XVIII əsrlərə aid Şərq xalçası” adlı sərgidə nümayiş etdirilmişdir.
XIII—XVIII əsrlərdə Azərbaycanın müxtəlif xalça məntəqələrində toxunmuş xalçalar hal-hazırda İstanbulun “Türk-İslam Əsərləri Muzeyi”ndə saxlanmaqdadır.
1801-ci ildə Bakının Xilə kəndində toxunmuş “Xiləbuta” çeşnili sürməyi yerli xalça Moskvada Dövlət Tarix Muzeyinin daimi eksponatına çevrilmişdir. Bu xalçanın yuxarı hissəsində “Karxanei Xilə” sözlərinin yazılması hələ XVIII əsrin axırlarında Bakının Xilə kəndində tanınmış bir xalça karxanası olduğunu sübut edir.
Moskvanın Şərq Xalqlarının İncəsənəti Muzeyində olan xalça kolleksiyasının böyük bir qismini müxtəlif zamanlarda Azərbaycanda toxunmuş xalçalar təşkil edir. Sankt-Peterburqda yerləşən Dövlət Ermitajı və Dövlət Etnoqrafiya muzeylərindəki xalça fondlarının eksponatlarının əksəriyyətini Azərbaycan xalçaları təşkil edir.