İndiyə qədər qədim insanın yaşamını, inanclarını və ətraf mühiti əks etdirən 6000-dən çox təsvir aşkarlanmışdır. Bu təsvirlərdən bəziləri qədim yaşayış yerlərinin “planı” kimi təfsir edilir. Azərbaycanın qədim memarlığının öyrənilməsinin təməl daşını qoyan D.A.Axundov hesab edir ki, Cingirdağda aşkarlanan 123 saylı daşda bir xətt boyunca tikilmiş dairəvi planlı evlərdən ibarət yaşayış yeri təsvir edilir. Bir az aralıda daha iri, ola bilsin qəbilə başçısına məxsus ev təsvir olunur. 143 saylı daşın üzərində beş qrup evlərdən ibarət məskən göstərilmişdir. Hər iki rəsmdəki evlərin hasarlanmış kiçik həyətləri, bəzilərinin isə təsərrüfat tikililəri var.
Bu təsvirlər Sünik, Tassilin (Afrika), Subuktuy (Balkanyanı) və başqa yerlərdə aşkarlanmış bənzər təsvirlərlə.......və e.ə. V-IV minilliklərə aid edilir.
Neolit çağında (e.ə. VII-VI minilliklər) qədim insanlar istehsalçı təsərrüfata keçmişdilər. Bu dövrün əvvəllərində əkinçilik və heyvandarlıq qərarlaşır, oturaq həyat tərzinə keçid başlanır. Daş dövrünün bu son çağında insanların imkanları və onların fəaliyyət sferaları genişlənir, qəbilələrarası əlaqələr fəallaşır. Qədim insanlar yaşayış evləri ilə yanaşı ərzaq ehtiyatlarını saxlamaqdan ötrü təsərrüfat yerləşgələri də qurmağa başlamışdılar. Tikililər dairəvi və ya küncləri yarımqövs düzbucaqlı planlı olaraq gil plitələrdən və yaxud çiy kərpicdən ucaldılırdı.
Müxtəlif ölkələrdə aparılmış arxeoloji qazıntılar zamanı gil divarların altında dərin olmayan daş bünövrələr aşkarlanmışdır. Memarlıqda döşəmələrin və divarların boyanması da tətbiq edilirdi. Təbriz yaxınlığında yerləşən Hacı Firuz, Yanıqtəpə və Sulduz