ŞƏBİ-HİCRAN
(poemadan ixtisarla)
Füzuli muğam üstdə yazdı "Leyli-Məcnun"u,
Muğamın sinəsindən doğdu Füzuli şeiri,
Elin hicran səsindən doğdu Füzuli şeiri.
Muğam bir xəzinədir, açandır duyğular,
Muğamda sevinc də var, muğamda
kədər də var,
Muğam mənim xalqımın misilsiz kamalıdır.
Tarixidir , eşqidir, arzusu,
amalıdır.
Tar səsinə qulaq as...
Bu səs elin nəfəsi,
Bu səs gözlərdən axan yaşların damcı səsi.
Bu səs sükuta dalmış göyü də dilləndirər,
Ulduzlar da bu səsin önündə baş endirər.
Dinlərkən onu... yerdən ayağımız üzülür,
Səslərin laylasında gözlərimiz süzülür.
Gözümüzün önündə açılır nələr-nələr,
Əlvan-əlvan lövhələr.
...Axtardığı Leylanı o, tapmadı həyatda,
Həyata güldüyündən,
Ağlatdı zülüm-zülüm
Füzulini həyat da...
O, qələmə əl atdı,
Leylanın xəyalını kağız üstdə yaratdı:
Füzuli əyləşib otağında tək,
Oynaşır üzündə qəm buludları.
Bayırda cücərib min gül, min çiçək,
Əriyir qəlbində dağların qarı.
Qəlbinin gözüylə dünyaya baxıb,
Dedi: arzulara dar gəlir cahan.
Leylini, Məcnunu yandırıb-yaxıb,
Keçirdi zamanın fırtınasından.
Yandı dünya odu onun üzündə,
Ahını Məcnunun ahına qatdı.
Zamanı ağlatdı Leyli gözündə,
Məcnunu zamana üsyan yaratdı.