Seminariya direktoru gözünü musiqi müəlliminin üzünə zilləyib ani olaraq həmin anı, bir də Üzeyirlə aralarında olmuş kiçik söhbəti xatırladı:
- Siz nə üçün tatarca mahnı oxuyursunuz? Bilmirsiniz ki, seminariyada rus dilindən savayı, başqa dildə danışıb-oxumağa icazə yoxdur?
- Cənab direktor, Qoqolun, Saltıkov-Şedrinin, Çaykovskinin dilində danışmaq bizə həmişə xoşdur. Amma öz ana dilimizdə danışmaq ondan da əfzəldi.
- Mərhaba, Hacıbəyli! Deyəsən, Çaykovski sizə möhkəm təsir edib?
- Belə sənətkarların təsiri altına düşməmək qeyri-mümkündür, cənab direktor.
- Elə isə onda deyin görək, müəllim olmağa hazırlaşırsınız, yoxsa yazıçı, bəstəkar?
- Cənab direktor, hələlik müəllim olmağa can atıram. Mənim aləmimdə yazıçı qəlbli, bəstəkar ürəkli müəllim elə yazıçı, bəstəkar kimidir. Nekrasov demişkən, yazıçı, şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan. Mən müəllim-vətəndaş olmağa çalışacağam. Məktəblərimiz üçün ana dilində dərs kitabları tərtib edəcəyəm.