Amma daha sonra qeyriixtiyari olaraq dilinin altında zəif səslə “sələsun” otuz quruş (10 qəpik) dediyini eşitdim. Ona yaxınlaşıb adını soruşdum. Adım Məryəmdir, dedi. Haralısan, dedim. Suriyalıyam, dedi. Yaşı kiçik olsa da gözəl və fəsih ərəb dilində danışırdı. Burda nə edirsən? - dedim. Yaşamaq üçün su satıb ailəmə köməklik edirəm, - dedi. Anan-atan hardadır, - dedim? Atam Suriyada rəhmətə gedib, anam isə, - deyib pəncərədən mənə yolun kənarında oturub su satan ortayaşlı bir xanımı göstərdi. Ofisant sifariş verdiyim yeməkləri çoxdan gətirsə də hər şey yadımdan çıxmışdı.
Elə bil başıma qaynar su tökmüşdülər. Dünya başıma fırlanırdı. Uşaq masanın üzərinə qoyduğum telefonu götürüb içərisində oyun olub-olmadığını soruşdu. Telefonumda heç oyun olmamasına ən çox o zaman üzüldüm. Onun dilində danışdığım üçün mənimlə daha səmimi münasibət qura bilmişdi. Artıq yavaş-yavaş anası narahat olmasın deyə getmək istəyirdi. Suyun qiymətinə əvvəlcədən otuz quruş desə də mən əlli quruş verdim. Amma uşaq əlavə iyirmi quruşu özümə qaytardı. Çox təkid etsəm də əlavə quruşları qəbul etmədi. Və ən sonda “əmi mən dediyim qiymətdən artıq pulu götürə bilmərəm, çünki o mənim haqqım deyil və mən dilənçi deyiləm” deyib mənim masamdan qaçaraq uzaqlaşdı. Mən ona heç nə deyə bilmədim. Ona heç bir köməklik də edə bilmədim. Azyaşlı uşaq mənə həyatımın ən böyük dərsini keçmişdi. İndi sadəcə bu soyuq qış günlərində həmin uşaq yaşda olan oğlum isti evdə yatarkən, onun soyuq İstanbul küçələrində necə gecələdiyini təsəvvür belə edə bilmirəm...