- Cənab direktor, ədəbiyyat, incəsənət dediniz, yaxşı yadıma düşdü. Bizim Üzeyir Hacıbəyli çox istedadlıdır. O, şəkil çəkməyə, kitab oxumağa bərk meyil göstərir. Hərdən tərcümələr edir. Ara-sıra şeirlər, məqalələr yazır. Yoldaşları arasında tatar şairi kimi məşhurdur. Knlovun, Puşkinin, Qoqolun, Saltıkov-Şedrinin əsərləri ilə maraqlanır. Onların əsərlərinə bənzər yazılar yazmağa meyil göstərir.
Seminariya direktoru Polevskiyə əli ilə oturmağı işarə edib, nüfuzedici nəzərlə musiqi müəllimi Pekkeri süzdü:
- Cənab Pekker, məşğələlərdən sonra musiqi sinfini nahaq açıq qoyursunuz... Sizdən sonra uşaqlar musiqi sinfində tədris proqramından kənar məşğələlərə qurşanırlar. Dünən təsadüfən yolum sizin sinfə düşmüşdü. Birdən nə görsəm, yaxşıdır? Gördüm ki, seminariya orkestrinin kapelmeyster köməkçisi Maqomayev tatar uşaqlarına “pa- despan” rəqsi öyrədir. Axı biz seminariyada xarici rəqslərin öyrənilməsini qadağan etmişik. Yoxsa bundan xəbəriniz yoxdur?!
Musiqi müəllimini soyuq tər basdı. Ürəyində sinfin açarını Maqomayevə verdiyinə görə özünü danladı. Amma bu danlaq əbəs idi.
- Mixail Leontyeviç, qarşılaşdığım mənzərə tatar uşaqlarının musiqi meyilli olduqlarını göstərir. Bəlkə, səhv edirəm, sadəcə olaraq, bu ani görüş məni aldadır?!
- Cənab direktor, tamamilə düz buyurursunuz. Avazla oxumaq, skripkada çalmaq onların çox xoşuna gəlir. Üzeyir Hacıbəyli, Əli Terequlov, Zülfüqar Hacıbəyov musiqi dərslərində daha fəaldırlar. Hətta indi onlar nəfəs alətləri ilə məşğul olurlar. Bariton- da, klarnetdə, kornetdə çalmağı öyrənirlər.
Direktor yenidən Üzeyir Hacıbəylinin adını eşidib özünü saxlaya bilmədi. Pekkeri sorğu-suala tutdu:
- Bu Hacıbəyli tatar uşaqlarını başma yığıb “Şəbi-hicran”ı xorla oxudan o qarabuğdayı, anq oğlan deyil ki?
- Özüdür ki, var. Düz tapmısmız, cənab direktor, - deyə Pekker qorxu və üzüntü içində ayağa durdu.
Seminariya direktoru öz-özünə danışırmış kimi mızıldandı:
- Zahirən qaraqabaq görünən bu oğlanın təkamülü daxilində gedir. Özü də çox sürətlə. Ömrümdə birinci dəfədir ki, belə bir tatar uşağı ilə üzləşirəm. Tatar olasan, özü də bu istedadda, bu qabiliyyətdə?! Heç ağlasığmaz iş deyil.
Mahnı müəllimi Semyon Qoqliçidze deyilənlərdən cuşa gəlib direktorun fikrini təsdiqləyərək dilləndi:
- Düz buyurursunuz, cənab direktor, Hacıbəylinin təkamülü daxilindədir. Qeyriadi musiqi duyumu var. Tezliklə skripka, bariton, violonçel çalmağı öyrəndi. Not sistemi və intervallardan, ton və qammalardan asanlıqla baş çıxardı. Avropa ifa tərzinə məxsus “ikinci” və “üçüncü” səslə oxumağı öyrəndi. Deyirlər, indi də musiqi bəstələmək, opera yazmaq fikrinə düşüb.