Azərbaycanın iqtisadi həyatı yenidən qurulur, yüksək dinamizmlə dirçəlir və inkişaf edir. Ölkə iqtisadiyyatına daxili və xarici kapital qoyuluşu ildən-ilə artır, aqrar sahə, yeyinti və yüngül sənayesi modernləşir, iqtisadiyyatda qeyri-neft sektorunun payı yüksəlir, manatın sabitliyi qorunur, valyuta ehtiyatları artır, yeni-yeni yüksək maaşlı iş yerləri açılır. Bütün bunlar 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft və iqtisadi inkişaf strategiyasının nəticəsidir. Mən əminəm ki, biz belə davam etsək, qarşıdan gələn bir neçə ildə Azərbaycanda nə bir işsiz, nə bir kasıb insana rast gəlinəcəkdir. Maaşlar, təqaüdlər və insanların ümumi gəlirləri yüksələn sürətlə artacaq. Azərbaycan dövləti, iş adamlarımız təkcə ölkəmizdə deyil, xarici aləmdə də ən perspektivli və gəlirli layihələrdə iştirak etmək, investisiya qoymaq imkanına və gücünə malik olacaqlar.
Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhətdən güclənir. Milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələnir, gənclərimiz həvəslə xidmətə gedirlər.
Bütün bunlar asan başa gəlməmişdir. Keçən dövrdə biz Sizinlə birlikdə həm daxildən, həm də xaricdən qaynaqlanan nə qədər təhlükəli irticanın, təxribatın və digər antiazərbaycan aksiyalarının qarşısını almışıq, nə qədər çətinliklərə sinə gərmişik. Siz bunları çox yaxşı bilirsiniz.
Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Əminəm ki, bu məhz belə də olacaq.
Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.