Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib.
Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub. Onun zəngin mənəvi aləmi, dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələr, sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyəti artıq hamıya məlumdur. Azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə getdikcə daha sürətlə inteqrasiya olması indi heç kimi təəccübləndirmir.