Bir çəragah içində iki öküz
Otlayırlardı şad gecə-gündüz.
Nagah onlara bir qəvi aslan
Eylədi həmlə səxt seyhə-günan.
Çün öküzlər görüb o əhvali,
Oldular fikri-xəsmdən hali.
Verdilər dal-dala o heyvanlar,
Qıldı buynuzlarıyla cövlanlar.
İttifaq eyləyib diliranə,
Durdu onlar müqabil aslanə.
Gördü aslan çü surəti-karı,
Bildi ki, həmləsi deyil karı.
Görüb aslan ki, yox işində zəfər,
Oldu rubəh misalı hiyləgər.
Hiylə fikriylə ol qəvi-sövlət
Öküzün eylədi birin dəvət.
Dedi: - Ey gavi-xoşələf, hərgah
Olasan ol rəfiqdən ikrah,
Sənə minbəd etmərəm azar,
Olusan hər çəməndə bərxürdar.
Sənə verrəm hamı ələfzarı,
Görməsən bir dirəndə azarı.
Olusan daima pənahımda,
Dərgəhi-ərşi-iştibahımda.
O qədər vəsf edib özün satdı,
Axır ol binəvanı allatdı.
Onları bir-birindən etdi cüda,
Oldu aslanə müddəa peyda.
Onların parə qıldı əzasın.
Ey gözüm nuru, anla mənasın:
Əgər olsaydı ittifaqləri,
Gavlər görməz idi bu xətəri.
Xah rus əhli olsa, xah firəng
Vətən əhlilə olgilən yekrəng.
İttihad eylə, ittifaq eylə,
Üzüvü hər məkanda ağ eylə.