АZƏRBAYCAN SƏNƏTKARLARI

Mədəni irsimiz

18 - MİRZƏ QƏDİM İRƏVANİ
       MƏMMƏDHÜSEYN OĞLU
       (1825–1875)

Mirzə Qədim İrəvani Qərbi Azərbaycanın İrəvan şəhərində doğulub. O, rəssamlıq sənətini ağac üzərində bədii oyma ustası olan atasından öyrənib. Yaradıcılığının ilk dövründə dekorativ sənətlə məşğul olmuş, nəqqaş və portretçi rəssam kimi fəaliyyət göstərmişdir. Azərbaycanda dəzgah rəngkarlığının1 əsasını qoyan ilk sənətkarlardandır. Onun yaratdığı “Süvari”, “Rəqqasə”, “Dərviş” portretləri doğma incəsənətimizin fəxridir. İrəvaninin əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində bu gün də nümayiş etdirilir.

O, İrəvan sərdarının sarayındakı panno və süjetli kompozisiyaları bərpa etmiş, sarayın “güzgülü zal” adlanan otağının divarında hökmdar Fətəli şah Qacarın və vəliəhd Abbas Mirzənin monumental2 portretlərini yağlı boya ilə çəkmişdir. İrəvan şəhərində yerləşən bu memarlıq abidəsi erməni təcavüzü nəticəsində dağılmışdır.

Onun yaratdığı “Vicihulla Mirzə”, “Molla”, “Qadın”, “Gənc oğlan” Azərbaycan Dövlət İncəsənət Muzeyində, “Mah Tələt xanım” əsəri isə Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Portretlər ifadəliliyi, zəngin koloriti ilə bu gün də seyrçiləri heyrətə gətirir.

Rəssam “Şahzadə Aleksandr arvadı ilə”, “Şah və vəziri” əsərlərinə məişət səhnələri əlavə etmişdir. Onun “Çiçəklər və quşlar” adlı əsəri Rusiyanın Sankt-Peterburq şəhərinin “Ermitaj” muzeyində sərgilənir.

Şərq miniatür üslubunu, xalq sənətini və Avropa rəngkarlıq ənənələrini öz yaradıcılığında birləşdirən ustadın əsərlərində dekorativlik və real üslub bir-birini tamamlayır.

M.Q.İrəvani Azərbaycan təsviri sənətinin inkişafına təkan verən və onu yeni istiqamətə yönəltməyə nail olan böyük sənətkardır.

Azərbaycan təsviri sənətinin inkişafında M.Q.İrəvaninin hansı rolu olmuşdur?
Quaş, pastel təbaşirlər

Tapşırıq

  • Tanınmış şəxsiyyətin portretini çək və ona məxsus xüsusiyyətləri göstərməyə çalış.

1Dəzgah rəngkarlığı — rəssam dəzgahında (molbertdə), kətan üzərində işlənən əsər.
2Monumental rəngkarlıq — irihəcmli memarlıq tikililəri ilə sıx bağlı olan rəngkarlıq əsərləri.