Yanvarın 26-sı “Hindistanın İstiqlaliyyət Günü” elan edildi (Həmin gün indi də Hindistanda milli bayram günüdür). 1930-cu ildə “duz yürüşü” başlandı. Buna səbəb Hindistanda duz
hasilatı və satışının müstəmləkəçilərin inhisarında olması və
ölkədə duzun çox baha qiymətə satılması idi. “Duz yürüşü” xəbəri
bütün ölkəyə yayıldı. Ölkənin hər yerində ingilislərə itaətsizlik
hökm sürürdu.
Belə şəraitdə Hindistanın siyasi təşkilatları ilə uzun
müzakirələrdən sonra 1935-ci ildə Britaniya parlamenti Hindistanın
yeni “konstitusiyasını” təsdiq etdi. Qanuna görə Hindistan
Britaniya Hindistanı və knyazlıqlardan ibarət federasiya elan
olundu. Ölkə əhalisinin 12 %-i seçki hüququ aldı. Konstitusiyanı
verməklə “parçala və hökmranlıq et” prinsipinə riayət edən ingilis
hökuməti ölkənin siyasi qüvvələri arasında ixtilafları (xüsusən də
müsəlman və qeyri-müsəlman hindlilər arasında) gücləndirdi. Bu,
Hindistanda milli-azadlıq hərəkatına zərbə vurdu.
İngilislərin “parçala və hökmranlıq et” prinsipini necə
qiymətləndirirsiniz?