QACARLAR DÖVLƏTİNİN SİYASİ VƏZİYYƏTİ
Qacarlar dövləti I Dünya müharibəsində iştirak etməyib özünün
neytrallığını elan etsə də, onun ərazisi vuruşan dövlətlərin
mübarizə meydanına çevrilmişdi. Müharibənin nəticəsi olaraq ölkə
ərazisi, demək olar ki, bütünlüklə ingilis ordusu tərəfindən zəbt
edildi. İqtisadiyyatı çökmüş, müflisləşmiş ölkədə məclis
buraxılmışdı. Dövlətdə hökumət kabinələri tez-tez dəyişilirdi.
1918-ci ildə yaradılmış ingilispərəst Vusuquddövlə hökuməti
məclisin razılığı olmadan konstitusiyanı pozaraq İngiltərə ilə
saziş (1919) imzaladı. Bu saziş Qacarlar ordusunu, maliyyəsini,
yol tikintisini, xarici ticarəti və ölkənin digər ictimai-siyasi
sahələrini ingilislərin nəzarətinə verdi.
Bütün bunlar ümumxalq narazılığı doğurdu. 1920-ci ilin aprelində
Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlandı.
Bununla yanaşı, Gilanda cəngəlilər hərəkatı, daha sonra
Xorasanda xalq-azadlıq hərəkatı alovlandı. Lakin üsyançıların
pərakəndə və lokal hərəkət etməsi İngiltərədən kömək alan mərkəzi
hakimiyyətə üsyanları yatırmağa şərait yaratdı.