Bu siyasət nəticəsində qolçomaqlar məhv edildi. 20-ci illərin
sonunda başlanan zorakı kollektivləşmə cəmiyyətə ən ağır zərbə
vurdu. Bu siyasətə qarşı çıxan minlərlə kəndli sürgünə göndərildi.
1932-ci ildə sovet vətəndaşlarının pasportlaşması zamanı
kolxozçular bundan məhrum edildilər. Əslində, bu addım onların
təhkimli halında saxlanılması demək idi. Burada məqsəd kəndlilərin
təhkim olunduqları kolxozları tərk etməsinin qarşısını almaq idi.
XX yüzilliyin 20-30-cu illərində milyonlarla sovet vətəndaşı
müxtəlif bəhanələrlə həbs edildi, güllələndi və sürgünə
göndərildi. Ölkə daxilində təşkil olunmuş gizli xidmət orqanları
əks-inqilabçı damğası ilə əhalini təqib edirdi. Hətta vaxtilə
Stalinlə birlikdə çalışmış şəxslər belə bu vəziyyətdən öz nəsibini
aldı. İnqilab artıq “öz balalarını yeməyə” başlamışdı.
30-cu illərin ikinci yarısında repressiyalar dövründə ordu və
donanmanın rəhbərlərinin xeyli hissəsi məhv edildi.
Kolxozçulara pasport verilməməsi hansı nəticələrə gətirib
çıxardı?