böyük məbləğdə təzminat ödəməyə məcbur edilməsi, Fransa və
Belçikanın Almaniyanın əlində qalan əsas sənaye obyektlərinə hərbi
müdaxiləsi bərbad vəziyyətdə olan iqtisadiyyata daha böyük zərbə
vurmuşdu.
Ölkədəki iqtisadi-sosial böhrandan istifadə etmək istəyən
kommunistlər, sosial-demokratlar və nasional-sosialistlər
hakimiyyəti ələ keçirmək üçün mübarizə aparırdılar. 1923-cü ildə
ayrı-ayrı yerlərdə xalq hərəkatı genişləndi. Hamburqda baş verən
üsyandan istifadə edən faşistlər fəallaşdılar. Adolf Hitlerin
başçılığı ilə Münhendə faşistlərin qiyam hazırlıqları uğursuzluqla
nəticələndi.
“Pivəxana qiyamı” kimi tanınan bu hadisə nəticəsində Hitler
həbs olundu.
“Pivəxana qiyamı”nın uğursuz olmasının səbəblərini araşdırın.
Almaniya maliyyə-iqtisadi böhranından İngiltərə və ABŞ-dən aldığı
kreditlər hesabına çıxa bildi. 1924-cü ildə iqtisadiyyatda
başlayan nisbi sabitləşmə dövrü 1929-cu ilə qədər davam etdi. Bu
dövr Almaniyanın “qızıl dövrü” adlanır.
“Qızıl dövr”də Almaniyanın xarici siyasətində Versal müqaviləsinin
şərtlərinin bir qədər yumşaldılması mühüm yer tuturdu. 1925-ci
ildə çağırılmış Lokarno konfransında Almaniya iştirakçılar
tərəfindən bərabərhüquqlu dövlət kimi tanındı. Bu proses 1926-cı
ildə Almaniyanın Millətlər Cəmiyyətinə daxil olmasına gətirib
çıxardı.
1929-cu ildə ABŞ-də başlanan böyük iqtisadi böhran Almaniyaya daha
çox təsir etdi. Çünki ABŞ və İngiltərə iqtisadi böhranın yaratdığı
maliyyə vəziyyətini bəhanə edərək Almaniyaya verilən kreditləri
dayandırdı. Həm də Almaniyanın təzminat verməsi vəziyyəti daha da
mürəkkəbləşdirdi. ABŞ prezidenti Huverin təklifi ilə Almaniyanı
ağır iqtisadi böhrandan xilas etmək üçün təzminat məsələsinə
yenidən baxıldı. Almaniya 1932-ci ildən etibarən təzminat
ödəməkdən azad edildi.
İqtisadi böhranın gətirdiyi fəsadlardan istifadə edən
nasional-sosialistlər və kommunistlər geniş təbliğat apararaq
tərəfdarlarını çoxaltdılar.