qələbə əldə etməklə xalqı inqilabi meyillərdən çəkindirmək idi.
Ancaq Kil hərbi dənizçiləri bu əmrə tabe olmayıb 1918-ci ilin
noyabrında üsyan etdilər. Onların üsyanları bütün ölkəni əhatə
edən tətil və nümayişlərə səbəb oldu. Beləliklə, Almaniyada
inqilab baş verdi. Burjua-demokratik xarakter daşıyan inqilabın
qarşısında əsas məsələ monarxiyanı devirmək və demokratik
respublika qurmaq idi. Noyabrın 9-da inqilab qələbə ilə başa çatdı
və Almaniyada monarxiya devrildi. Almaniya tarixində ilk dəfə
respublika elan olundu. Ölkədə baş verən hadisələrlə əlaqədar
olaraq, yeni siyasi partiyaların yaranması prosesi sürətləndi.
Almaniyada Kil dənizçilərinin üsyanının səbəbləri nələr idi?
Antanta ölkələri ilə Versal sülh müqaviləsinin imzalanmasından
sonra 1919-cu ildə Veymarda Almaniya konstitusiyası qəbul edildi.
1933-cü ilə qədər Almaniya respublikası Veymar respublikası kimi
tanındı. Konstitusiyaya görə Almaniya prezident-parlamentli
federal quruluşlu respublika elan edildi. Qanunverici orqan
reyxstaq* , dövlət başçısı prezident, hökumət
başçısı isə reyxskansler* adlandırıldı. 1871-ci il
konstitusiyasından fərqli olaraq, Veymar konstitusiyasında
demokratik azadlıqlar öz əksini tapmışdı.