Aparılan islahatlar ölkə iqtisadiyyatının inkişafına səbəb oldu.
İngiltərə iqtisadi inkişafının başlıca xüsusiyyəti kapital
ixracının artması, beynəlxalq bank əməliyyatlarının səmərəli
aparılması və əlverişli dəniz nəqliyyatı ilə bağlı idi. Görülən
işlər nəticəsində sənaye məhsulu istehsalı müharibədən əvvəlki
səviyyəyə çatdı.
Bütün bunlara baxmayaraq, ölkədə sosial ziddiyyətlər ağır olaraq
qalırdı. Sosial təminat haqqında qəbul edilən proqramla pensiya
yaşı aşağı salındı, imkansızlara sosial müavinət verildi. Ancaq
hökumətin sərt büdcə siyasətinə keçməsi yenicə bəhrəsini verməyə
başlayan inkişafı ləngitdi.
Sosial ziddiyyətlərin kəskinləşməsi ilə bir çox sahələrdə tətil
hərəkatları başlandı. Parlament 1927-ci ildə qəbul olunan qanunla
hökumətə təsir göstərmək niyyəti ilə təşkil olunan tətil və
nümayişləri qadağan etdi.
Mühafizəkarlar hökumətinin xarici siyasəti İngiltərənin beynəlxalq
siyasi və maliyyə mövqelərinin yüksəlməsinə yönəldilmişdi. Bununla
İngiltərə ABŞ ilə yanaşı, dünya maliyyə liderlərindən biri oldu.
Mühafizəkarların uğursuz daxili siyasəti onların 1929-cu il
seçkilərində leyboristlərə məğlub olmasına gətirib çıxardı.
İkinci Leyborist hökumətinin daxili siyasəti başlıca olaraq
işsizliyə qarşı mübarizənin həyata keçirilməsini, iş yerləri
yaratmaq üçün köçürmə siyasətinin yerinə yetirilməsini və sosial
sığorta sisteminin tətbiqini nəzərdə tuturdu. Hökumət bu proqramla
radikal addımlardan çəkinir, digər partiyalarla ümumi razılıq
əsasında tədbirlər həyata keçirirdi.
Böyük böhran illəri İngiltərədə də sürətlə hiss olunmağa başladı.
Hökumət böhranın nəticələrini zəiflətmək üçün ictimai iş yerləri
yaratdı və əmək qabiliyyətli əhalinin bir qismini böhran
rayonlarından köçürtdü.
Leyboristlərin xarici siyasətində müstəmləkələr və dominionlar
məsələsi xüsusi yer tuturdu. Əvvəlki hökumət SSRİ ilə diplomatik
münasibətləri bərpa etsə də, iki ölkə arasında soyuqluq hələ də
qalırdı.