dövlətinin Yaxın Şərqdəki ərazilərinə nəzarəti ələ keçirdi.
Müstəmləkələr A, B və C kateqoriyalarına
bölündü. Mandat sahibi olan dövlət A və B kateqoriyasına daxil
edilmiş ölkələri müstəqilliyə hazırlamalı idi. C kateqoriyasına
daxil edilmiş ərazilər isə mandat sahibi olan dövlətin mülkü hesab
edilirdi. Əslində, mandat rejimi qalib dövlətlərin ərazi ilhaq
etmələrinin bir alternativi oldu.
Paris sülh konfransı uzunmüddətli sülhün təmin edilməsinə deyil,
məğlub dövlətlərin cəzalandırılmasına yönəlmişdi. Versal
müqaviləsinin ağır şərtləri sonralar - 1920-ci illərdə Almaniyada
millətçi siyasi qrupların fəallaşmasına səbəb oldu.
Versal və digər məğlub dövlətlərlə bağlanan müqavilələrin
əsaslandığı “14 maddə” prinsipinin həyata keçirilməsində ikili
standart yeridilirdi. Bu prinsiplər Avropada müəyyən dərəcədə
həyata keçirilsə də, Asiya, Afrika və bəzi Amerika xalqlarına
şamil edilmədi. Müharibədə İngiltərə ordusunda vuruşan Hindistan
xalqlarına müstəqillik verilmədi. Müharibə dövründə Osmanlı
dövlətinə qarşı üsyan qaldırmaq müqabilində ərəblərə verilən
vədlər yerinə yetirilmədi. Yaxın Şərqdəki Osmanlı mülkləri
İngiltərə və Fransanın mandatı altına verildi. Çinin bir
hissəsi və Koreya Yaponiyanın tərkibində qaldı. Təcridçilik
siyasəti yeridən ABŞ-nin Millətlər Cəmiyyətinə daxil olmaması və
Sovet Rusiyasının kənarda qalması da Versal sisteminin zəifliyini
göstərirdi. Bütün bu ziddiyyətlər sonralar müasir dövrə qədər
təsirləri davam edən yeni münaqişələrin yaranmasına səbəb oldu.