ƏZİZ MƏKTƏBLİLƏR!
Sizə təqdim edilən bu dərslik ümumdünya tarixinin XIX
yüzillikdən başlayaraq XXI yüzilliyin əvvəllərinədək olan
dövrünü əhatə edir. Burada təqdim olunan materiallar sizdə
xalqların və dövlətlərin tarixində baş vermiş mühüm hadisələr:
iqtisadiyyatın inkişafı, siyasi sistemlərin təkmilləşdirilməsi,
elmi kəşflər, islahatlar, inqilablar və milli azadlıq
hərəkatları barədə bilik və bacarıqların formalaşmasına yardımçı
olacaqdır. Siz XX yüzillikdə baş vermiş iki dünya müharibəsi
nəticəsində meydana gəlmiş fəlakətlər, müstəmləkə sisteminin
çöküşü, hərbi-siyasi blokların qarşıdurması, qütbləşmə və
beynəlxalq terrorizm kimi bir sıra qlobal problemlər barədə də
məlumat əldə edəcəksiniz.
Sosial-iqtisadi və mədəniyyətlərarası əlaqələrin genişləndiyi
XXI yüzillikdə təhsil öz əhəmiyyətinə görə bütün sahələrdən öndə
gedir. Təhsil sistemində əsas diqqət savadlı gənclərin, tarixini
sevən şəxsiyyətlərin, ləyaqətli vətəndaşların və vətənpərvər
insanların yetişdirilməsinə yönəldilir. Belə yüksək dəyərlərə
malik olmaq üçün çox çalışmaq lazımdır.
Sizə bu şərəfli yolda uğurlar arzulayırıq!