RUSİYANIN MÜHARİBƏDƏN ÇIXMASI
Müharibə Rusiyanın siyasi və sosial-iqtisadi vəziyyətini
ağırlaşdırdı. Bu isə 1917-ci ilin fevralında ölkədə inqilabın baş
verməsinə səbəb oldu. Çar hakimiyyəti devrildi. Rus əsgərləri
kütləvi şəkildə cəbhədən qaçır, fərarilik edirdilər. 1917-ci ilin
oktyabrında çevriliş edərək hakimiyyəti ələ keçirən bolşeviklər
Almaniya və onun müttəfiqləri ilə
Brest-Litovsk sülh müqaviləsi
(1918-ci ilin martı) imzaladılar. İki cəbhədə müharibə aparmaqdan
xilas olan Almaniya qüvvələrinin böyük hissəsini qərb cəbhəsinə
cəmləşdirdi.
“TANKLARI VƏ AMERİKALILARI GÖZLƏYİRƏM”
Birinci dünya müharibəsi yeni silahların tətbiqi, xüsusilə də
zəhərli qazlardan, təyyarə və tankların istifadə edilməsi ilə
səciyyəvi idi. Bu silahlar, əsasən, keçilməz səngər müharibəsində
uğur qazanmaq ehtiyacından yaranmışdı. İngiltərə ilə Fransa tank
və təyyarə istehsalında Almaniyadan çox irəlidə idi. Müharibənin
gedişini soruşduqda Fransa komandanı:
“Tankları və amerikalıları gözləyirəm", - demişdi.
Hərbi-texniki, iqtisadi baxımdan geri qaldığı, əlavə qüvvələri
olmadığı üçün Almaniya və onun müttəfiqləri məğlub edildi.
Blokadalar nəticəsində onların iqtisadiyyatı zəifləmiş, ordu
təminatı pisləşmişdi. Nəticədə 1918-ci ilin payızında bir-birinin
ardınca Bolqarıstan, Osmanlı imperiyası və Avstriya-Macarıstan
təslim oldu. 11 noyabrda Almaniya Kompyen meşəsində təslim olmaq
haqqında müqavilə imzaladı. Beləliklə, Avropa tarixi üçün
fəlakətlə nəticələnən müharibə başa çatdı. Avropanın sosial və
iqtisadi həyatı böyük zərər gördü. Dünya iqtisadiyyatı və
siyasətində Avropanın üstünlüyü zəifləməyə başladı.
FİLMLƏR VƏ İNTERNET RESURSLARI
- Allied Tanks during World War I (video)
- “Döyüş atı” filmi
-
“Çanakkale Arslanları” (The Lions of Gallipoli War) (1964)
- “120” filmi (2008)
İnternetdən istifadə etməklə Birinci dünya müharibəsində tətbiq
edilən yeni hərbi taktika və silahlar haqqında təqdimat
hazırlayın.