BÖYÜK DÖVLƏTLƏR ARASINDA RƏQABƏT
XIX yüzilliyin ikinci yarısında Avropanın böyük dövlətləri dünyada
dövlətlərarası münasibətlərə istiqamət verməyə davam edirdi. Böyük
Britaniya dənizlərdəki hakimiyyətini genişləndirməyə və Avropada
hər hansı bir dövlətin hakim olmasının qarşısını almaq üçün
dövlətlər arasında “güc tarazlığı”nı qorumağa çalışırdı.
Münaqişələrdə iştirak etməmək üçün, əsasən, ittifaqlara daxil
olmayaraq – təcridçilik siyasəti yürüdür, yalnız öz
mənafeyinə uyğun gəldikdə hər hansı bir dövlətlə müttəfiq olurdu.
İqtisadi böhranlar satış bazarları və xammal ehtiyacını artırdığı
üçün müstəmləkələr uğrunda rəqabəti gücləndirdi. Böyük dövlətlər
müstəmləkə ərazilərini genişləndirməyə çalışır, bu isə onların
arasında mənafelərin toqquşmasına və ziddiyyətlərin
kəskinləşməsinə səbəb olurdu. İngiltərə və Rusiya Əfqanıstan
uğrunda mübarizə aparırdı. İngilislər Hindistanın sərhədlərinin
təhlükəsizliyini təmin etməyə çalışır, Rusiya isə Hind okeanına
yaxınlaşmaq istəyirdi. Afrikada Fransa və İngiltərə mübarizə
aparırdı. Rəqabət mübarizəsi iqtisadi və hərbi sahələrdə də
gedirdi.
Almaniyanın güclənməsi qitədə heç bir dövlətin güclənməsini
istəməyən İngiltərənin ənənəvi xarici siyasətinə zidd idi.
İngiltərə sənayesi Almaniya sənayesi ilə rəqabətdə uduzurdu.
Almaniyanın öz hərbi dəniz donanmasını gücləndirməsi də dənizlərdə
hakim olan İngiltərəni narahat edirdi. Bütün bu amillər hələ XIX
yüzilliyin sonlarına qədər düşmən olan dövlətləri: İngiltərə,
Fransa və Rusiyanı yaxınlaşdırdı. Bu, XIX yüzillikdə İngiltərənin
baş naziri və xarici işlər naziri olmuş Henri Palmerstonun
“İngiltərənin daimi dostu və düşməni yoxdur, daimi mənafeyi
var”
prinsipinin sübutu idi.
XX yüzilliyin əvvəllərində Fransa ilə Böyük Britaniya arasında
yaxınlaşma başladı. Bu yaxınlaşmanın əsas səbəbi Almaniyanın
güclənməsi idi. Fransa və İngiltərə müstəmləkələrlə bağlı
ziddiyyətlərdə razılığa gələrək 1904-cü ildə Antanta (səmimi
saziş) adlanan müqavilə imzaladı. Bu müqavilə