Ölkə vətəndaşları mülkiyyət, vicdan, söz, mətbuat və toplaşmaq
azadlığı aldılar. Ölkədə aparılan islahatlar tezliklə öz bəhrəsini
verdi. İqtisadi cəhətdən qüvvətlənən Yaponiya müstəmləkə
işğallarına başladı. İlk hədəf Rükü adaları, sonra isə Tayvan
oldu. Az sonra isə Yaponiya Koreyanı hədəfə aldı. Koreya uğrunda
mübarizədə Çini məğlub edən Yaponiya ondan böyük məbləğdə təzminat
və ərazisində sənaye müəssisələri tikmək hüququ əldə etdi.
Rusiyanın Uzaq Şərqdə möhkəmlənmək istəyi Yaponiyanın maraqları
ilə üst-üstə düşmürdü. 1904-1905-ci illər Rus-yapon müharibəsində
qalib gələn Yaponiya Cənubi Saxalini ələ keçirdi. Beləliklə,
Cənubi Mancuriya və Koreyada onun şəriksiz ağalığı təmin olundu.
Qərb dövlətlərinin Yaponiyanı Rusiya ilə müharibəyə təhrik
etməsinin səbəbləri nə ola bilərdi?
Yaponiyada Mutsuxito dövrünü müasirlər və tarixçilər həm
islahat, həm də inqilab dövrü adlandırırlar. Faktlardan istifadə
edərək bu və ya digər deyimi əsaslandırın.
Fərz edin ki, 1870-ci ildir. Siz Hindistan və ya Çində
yaşayırsınız (Özünüzə yaş, məşğuliyyət sosial təbəqə və s.
seçin). Xaricilərlə münasibətinizi şərh edin.