YAPONİYA
XIX yüzilliyin əvvəllərində Yaponiyada ali hakimiyyət imperatora
məxsus olsa da, real hakimiyyət Tokuqava sülaləsindən olan
syoqunların əlində idi. Syoqunların mərkəzi hakimiyyəti
möhkəmləndirməyə yönəlmiş təcrid siyasəti ölkəni zəiflədirdi.
İqtisadiyyat inkişafdan qalmış, kəndlilərdən tutmuş samuray və
knyazlaradək əksər təbəqələrin vəziyyəti pisləşmişdi.
Syoqun rejimi XIX yüzilliyin əvvəlində ağır daxili vəziyyətlə
yanaşı, Yaponiyanın təcrid siyasətini dağıtmağa çalışan Avropa
ölkələrinin təzyiqi ilə də üzləşdi. ABŞ bu yöndə aktiv siyasət
yürüdürdü. 1854-cü ildə ABŞ və Yaponiya arasında sülh və
əməkdaşlıq haqqında müqavilə imzalandı. Şərtə görə Amerika
gəmiləri Simoda və Hakodate limanlarına girmək hüququ əldə etdi.
Simodada ABŞ konsulluğu yaradıldı. Bir neçə ildən sonra imzalanmış
yeni müqaviləyə əsasən amerikalılara ticarət güzəştləri,
eksterritoriallıq hüququ verildi.
Tezliklə Rusiya da daxil olmaqla, bir sıra Avropa ölkələri ilə də
belə müqavilələr imzalandı, Yaponiyanın özünütəcrid siyasəti ləğv
edildi.
Bu hadisələr ölkədə birmənalı qəbul olunmadı. Bir çox samuray və
knyazlar ölkənin müstəqilliyi üçün təhlükə yarandığını
düşünürdülər. Syoqunların siyasətini tənqid edən milli ruhlu
dövlət xadimləri “Səmavi hakim”ə (imperatora) müraciət
etdilər.
Sizcə, samuray və knyazlar nəyə görə xarici ölkələrlə
müqavilələrin imzalanmasını ölkənin müstəqilliyi üçün təhlükə
hesab edirdilər?
İmperator Mutsuxito
Daxili və xarici ziddiyyətlərin olduğu bir dövrdə 15 yaşlı
İmperator Mutsuxito (1867-1912) 1868-ci ildə Syoqunun
səlahiyyətlərini ləgv edib, imperator hakimiyyətini bərpa etdi.
Növbəti on ildə Yaponiyanın ənənəvi iqtisadi və sosial
münasibətlərini kökündən dəyişən yenidənqurma