QACARLAR DÖVLƏTİ XIX YÜZİLLİYİN SONU XX YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ
XIX yüzilliyin II yarısında Qacarlara xarici ekspansiya daha da
artdı. Şah hökumətindən müxtəlif güzəştlər qoparan ingilislər
ölkənin cənubunda, ruslar isə Tehran da daxil olmaqla şimal
vilayətlərində ağalıq edirdilər. İş o yerə çatmışdı ki, dövlət
əhəmiyyətli vəzifələrə çoxlu xaricilər təyin edilirdi. 1879-cu
ildə rus zabitlərin rəhbərliyi ilə yaradılan kazak dəstələri
sonradan Qacarlar ordusunda yeganə hərbi qabiliyyətə malik bir
hissəyə çevrildi. Bu da şah rejiminin Rusiyadan asılılığını
gücləndirdi.
XX yüzilliyin əvvəllərində Qacarların asılı vəziyyətə düşməsi,
ölkədə xarici kapitalın güclənməsi geniş xalq kütləsinin
vəziyyətinin pisləşməsinə səbəb olmuşdu. Ehtiyac içində boğulan
əhali şah rejiminə qarşı ayağa qalxdı. 1905-ci ilin axırlarında
Tehranda və başqa şəhərlərdə keçən nümayişlər inqilabın
başlanğıcını qoydu. Nümayişçilərin əsas tələbi konstitusiya, şah
hakimiyyətinin və xaricilərin imtiyazlarının məhdudlaşdırılması,
islahatların keçirilməsi idi. 1905-1911-ci illəri əhatə edən bu
inqilabın əsas nəticəsi Qacarlar dövlətində konstitusiyanın qəbulu
oldu.
Konstitusiyanın qəbul olunması ilə şah hakimiyyətinin
məhdudlaşdırılması arasında hansı
əlaqə var?