Sosial-iqtisadi inkişafın ləngiməsi, ilk növbədə, təhkimçiliyin
ləğvini zəruri edirdi. Artmaqda olan kəndli üsyanları da buna
təsir etdi. 1861-ci ildə kəndlilərin təhkimli vəziyyətinin
ləğv olunması haqqında fərman verildi. Kəndlilər hüquqi cəhətdən
azad olsalar da, bu onların iqtisadi vəziyyətlərində əsaslı
dəyişiklik yaratmadı. Çünki müəyyən ödənc müqabilində onlara
ayrılan torpaq payı çox az idi. Həmçinin vergilərlə yanaşı, pay
torpağı müqabilində verilən ödənclər kəndlilərin vəziyyətini
ağırlaşdırırdı. Ona görə də kəndli məsələsi Rusiyanın əsas sosial
problemlərindən biri olaraq qalmaqda davam etdi.
XIX yüzilliyin ikinci yarısında təhkimçiliyin ləğv edilməsini
hansı amillər zəruri edirdi?
1864-cü ildə aparılan məhkəmə islahatına görə məhkəmələr
müstəqil olmalı idi. Bütün təbəqələr qanun qarşısında bərabər elan
edildi. Məhkəmə iclasları açıq keçirilməli idi.
1874-cü ildə keçirilən hərbi islahata görə ümumi hərbi
mükəlləfiyyət tətbiq olundu. Hərbi xidmət müddəti azaldıldı.
XIX yüzilliyin ikinci yarısında iqtisadi və mədəni sahədə də
dəyişikliklər edildi. Dövlətin gəlirlərini artırmaq üçün şəkər,
duz və tütün satışı dövlətin inhisarına verildi. Dəmir yollarının
tikintisinə və sənaye sahələrinə xarici kapital cəlb edildi.
Mətbuat üzərində nəzarət, təhsil sahəsində silki və dini
məhdudiyyətlər qismən ləğv edildi. Universitetlərə muxtariyyət
verildi. Bütün bunlar Rusiyada ictimai fikrin və elmin inkişafına
müsbət təsir etdi.