I Napoleon Rusiyaya güvənilməz tərəfdaş və Avropanın bütünlüklə
işğalında son maneə kimi baxırdı. Tərəflər arasında ərazi
ziddiyyətləri və Rusiyanın İngiltərə ilə ticarət əlaqələrini bərpa
etməsi 1812-ci ildə Fransanın Rusiyaya hücumuna səbəb oldu. Ruslar
bir neçə açıq döyüşdə məğlub olaraq geri çəkildilər. Qısa müddət
ərzində I Napoleonun ordusu Moskvaya qədər irəlilədi və artıq
yandırılaraq boşaldılan şəhəri ələ keçirdi. Moskvanın
yandırılması, soyuqların başlaması Fransa ordusunun qalacaq yerdən
və ərzaqdan məhrum olması ilə nəticələndi.
Sizcə, Moskvanın yandırılması hansı tərəfin hərbi-strateji
məqsədinə uyğun idi və bu hadisə müharibənin sonrakı gedişinə
necə təsir göstərdi? Rusların bu taktikası Azərbaycan tarixində
hansı hadisə ilə oxşardır?
I Napoleona qarşı açıq döyüşlərdə qalib gələ bilməyən rus ordusu
ölkənin təbii coğrafi şəraitindən və partizan müharibəsi
taktikasından istifadə etdi. Fransız ordusunun təchizatının
pisləşməsi və kəskin soyuqların başlaması Napoleon ordusunun geri
çəkilməsinə səbəb oldu.
Bu vəziyyətdən istifadə edən Rusiya Polşanı, Balkanları və başqa
əraziləri işğal edərək Avropada hakim rolunu ələ keçirmək
istəyirdi. Çar bu məqsədinə
“Avropa xalqlarını I Napoleonun zülmündən xilas etmək”
bəhanəsi ilə nail olmaq fikrində idi. Ona görə də rus ordusu Qərbi
Avropaya daxil oldu.
Rusiyanın qələbəsi Azərbaycanın gələcək taleyinə necə təsir
göstərdi?
“I Napoleonun yandırılan Moskvaya daxil olması”.
Rəssam Аlbrext Аdаm